Bakı. Trend:
Qatar üzrə fərqli siniflər və hər sinifin öz qiyməti var. Hər yerin, sinifin öz alıcısı var. Hər kəs üçün bu imkan yaradılmalıdır və Azərbaycan Dəmir Yolları bu imkanı yaradıb.
Bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları qatarlarının qiymətləri ilə bağlı narazılıqlara münasibət bildirərkən nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib.
Onun sözlərinə görə, 2024-cü il noyabrın 1-dən dinamik tarif siyasətinə keçməklə biletləri əvvəlcədən daha ucuz qiymətə almaq imkanı yarandı:
“Bütün dünyada müəyyən günlər olur ki, həmin günlərdə biletlər daha baha qiymətə satılır. Bunlara bayram günləri və həftə sonları daxildir. Yəni, səfərlər əvvəlcədən planlaşdırılsa, biletləri daha ucuz qiymətə almaq mümkündür. Məsələnin manipulyativ tərəfi isə qatardakı 9 yerdir. Əgər qatarda 189 yer varsa, yalnız 9 yer baha qiymətlə satılır. Hər yerin, hər sinfin öz alıcısı var və bu imkan hər kəs üçün yaradılmalıdır. Azərbaycan Dəmir Yolları məhz bunu təmin edib. İstifadədə olan qatarlarsa çox müasir, inklüziv və rahatdır. Məsələn, Stadler şirkətinin Flirt və Kiss qatarları ən müasir modellərdəndir və buna uyğun biletlər təklif olunur. Biletlər əvvəlcədən alındıqda, Bakı-Qazax istiqamətində qatar bileti 16.2 manata təklif edilir. Səfər müddəti isə 5 saat 36 dəqiqədir. Halbuki avtobusla səfər 17.85 manata başa gəlir və təxminən 6 saat 30 dəqiqə çəkir. Beləliklə, əvvəlcədən bilet aldıqda qatar həm daha ucuz, həm də daha sürətli səyahət imkanı yaradır”.
“Burada sürətin artırılması məsələsi də aktuallaşır. Bizdə sürətli dəmir yolu mövcuddur, amma yüksək sürətli yollar fərqlidir, orada yük qatarları hərəkət etmir və tariflər daha yüksək olur, çünki böyük sərnişin axını tələb olunur. Bizdə isə belə tələbat yoxdur. Yollarımızın sürətli sahələrinin sayını artırmaq lazımdır. Qatarın konstruktiv sürəti 160 km/saatdır, ancaq hazırda icazə verilən sürət 140 km/saat təşkil edir. Sürət 20 km/saat artırılaraq maksimum sürətlə hərəkətə əlavə olunmalıdır. Bu o demək deyil ki, qatar bütün yol boyu bu sürətlə gedəcək, çünki stansiyaların giriş və çıxışlarında yüksək sürət mümkün deyil. Buna görə də maksimum sürətə icazə verilən sahələrin sayı artırılmalı, sürətli hərəkət üçün şərait yaradılmalıdır. Bu isə infrastruktur həllərinə bağlıdır, müxtəlif səviyyəli çəpərləmə işləri, keçidlər, heyvanlar üçün ekoduklar, insanların təhlükəsizliyi üçün müyəssər keçidlər, işıqlı və rahat səkilər, həmçinin avtomobillər üçün yeraltı və yerüstü keçidlər təşkil edilməlidir ki, qatarın qarşısında maneə olmasın. Qatarın avtomobildən fərqli olaraq manevr qabiliyyəti azdır. Məsələn, 70 km/saat sürətlə hərəkət edirsə, əyləc məsafəsi 1000 metr, 140 km/saat sürətdə isə 2 kilometrdir.
Düşünürəm ki, ümumilikdə qatarların və reyslərin sayını artırmaq lazımdır, çünki tələb artacaq və insanlar daha rahat nəqliyyata üstünlük verəcəklər. Bu gün biletlərin sürətlə satılması da yüksək tələbin göstəricisidir. Hazırda yalnız qərb və şimal-qərb istiqamətlərinə sərnişindaşıma mövcuddur. Bakıdan Gəncəyə ayrıca bir reysin açılmasına ehtiyac var ki, bu tələbatı qarşılamaq mümkün olsun”, - R.Ağamirzəyev əlavə edib.