...

Tibbi xidmətin göstərilməsi qaydalarını pozmaya görə yeni cəzalar müəyyənləşir

Cəmiyyət Materials 16 May 2025 13:23 (UTC +04:00)
Tibbi xidmətin göstərilməsi qaydalarını pozmaya görə yeni cəzalar müəyyənləşir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Tibbi xidmətin göstərilməsi qaydalarını pozmaya görə yeni cəzalar müəyyənləşdirilir, bəzi cəzalar dəyişdirilir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, qanuna və ya xüsusi qaydalara uyğun olaraq şəxsə kömək etməyə borclu olan tibb işçisinin üzrlü səbəblər olmadan tibbi yardım göstərməməsi, yaxud tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsi, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsi, yaxud dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Bu əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad ediləcək.

Yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərin vurulmasına səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Yuxarıda nəzərdə tutulmuş ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Mövcud qanunvericiliyə əsasən, qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzürlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi nəticəsində onun sağlamlığına az ağır zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, tibbi xidmətin göstərilməsi qaydalarını pozma cinayət əməlinə görə cinayət işi prokurorluqda başlandığı halda, ibtidai istintaq prokurorluq tərəfindən aparılacaq.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »