...

Şimal-Cənub Dəhlizi İran, Azərbaycan və Rusiya üçün çox önəmlidir - Vali

Dünya xəbərləri Materials 16 May 2025 18:13 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi İran, Azərbaycan və Rusiya üçün çox önəmlidir.

Trend-in məlumatına görə, bunu İranın şimalında yerləşən Gilan vilayətinin valisi Hadi Haqşenas Rəşt-Astara dəmiryolu xəttinin keçəcəyi ərazidə geoloji tədqiqatın başlanması üzrə təşkil olunan tədbirdə deyib.

Onun sözlərinə görə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi regionun iqtisadi inkişafı və təhlükəsizliyinin yüksəldilməsində effektiv amildir.

Haqşenas bildirib ki, İranın cənubunda Bəndər Abbas rayonunun İranın şimalında Astara rayonuna dəmiryolu xətti ilə birləşdirilməsi İranın nəqliyyat sahəsində əsas prioritetlərindən biri hesab olunur və yükdaşıma və sərnişindaşımanın asanlaşmasında əsaslı rol oynaya bilər.

“Ötən 2 il ərzində Gilan vilayətinin Ənzəli Azad Ticarət Zonasının “Kaspian” limanında gündəlik 15 vaqon, Astara dəmiryolu terminalında isə gündəlik 35 vaqon yüklənib-boşaldılıb. Bu statistika regional təminat halqasında böyük potensialın olduğunu göstərir”, - deyə o qeyd edib.

Gilan valisi deyib ki, indiyə qədər 162 kilometr uzunluğunda olan Rəşt-Astara dəmiryolu xəttinin təxminən 20%-i tikinti üçün hazırlanıb.

Qeyd edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də, Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).

Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İran ərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.

Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var. Şərq istiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqaməti Xəzər dənizi vasitəsilə Rusiya və sairə ölkələr, Qərb istiqaməti Azərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.

Xatırladaq ki, 17 may 2023 tarixində İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmiryolunun tikintisi üzrə Rusiya və İran arasında saziş imzalanıb. Təxminən 163 km uzunluğunda olan Rəşt-Astara dəmiryolu xəttində 9 stansiya tikiləcək. Bu dəmiryolunun tikintisinin başa çatdırılması ilə Şimal-Cənub Beynəlxalq Dəhlizi təkmilləşəcək və İranın dəmiryol şəbəkəsi Qafqaz ölkələri, Rusiya və Şimali Avropa ölkələrinə birləşəcək. Sazişə əsasən, bu dəmiryolunun tikintisinə Rusiya tərəfinin 1,6 milyard avro dəyərində vəsait xərcləməsi gözlənilir. Bu dəmiryolunun 48 ay ərzində tikilərək başa çatdırılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »