Bakı.Trend:
2025-ci il 19–23 may tarixlərində Bakı şəhəri Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar İclasa ev sahibliyi edir.
Baş Prokurorluqdan Trend-ə bildirilib ki, tədbirdə 92 ölkəni təmsil edən 120-dən artıq dövlət qurumunun nümayəndələri, o cümlədən prokurorluqlar, müstəqil antikorrupsiya təşkilatları və beynəlxalq institutlar iştirak edir.
Ümumilikdə 300-dən çox nümayəndə tədbirə fiziki olaraq qatılıb, 60-dan artıq iştirakçı isə onlayn formatda tədbiri izləyir.
Tədbirin açılış mərasimində Prezident İlham Əliyev Bakıda keçirilən bu mötəbər beynəlxalq tədbirin iştirakçılarına müraciət ünvanlayıb.
Müraciəti Azərbaycanın Baş prokuroru Kamran Əliyev səsləndirib.
Tədbirin açılış mərasimindən sonra isə GlobE şəbəkəsinin Katibliyi tərəfindən qurumun fəaliyyəti ilə bağlı geniş hesabat təqdim olunub.
Hesabatda yeni üzv qurumlarla bağlı məlumat, şəbəkənin işçi qruplarının fəaliyyəti, regional ofislərin rolu, qarşılıqlı hüquqi yardım alətləri və texnoloji kommunikasiya mexanizmlərinin istifadəsi ətraflı şəkildə iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Həmçinin, GlobE şəbəkəsinin İcraçı Katibi Neil Walsh-ın iştirakçılara ünvanladığı videomüraciət nümayiş etdirilib.
Daha sonra Çin Xalq Respublikasının Milli Nəzarət Komissiyasının təşəbbüsü ilə “Korrupsiyaya qarşı hüquq mühafizə orqanlarının əməkdaşlığı” mövzusunda sessiya baş tutub. Sessiya Pekin Konsensusunun icrasına həsr olunub və burada Azərbaycanla yanaşı Çin, Malayziya, Rusiya və İndoneziyanın müvafiq qurumlarının nümayəndələri çıxış edərək öz ölkələrinin təcrübələrini bölüşüblər. Azərbaycanı bu sessiyada təmsil edən Natiq Eyvazov cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində əldə olunmuş təcrübə və qarşıya çıxan çətinliklər barədə danışıb.
Tədbirin davamında “Korrupsiya cinayətlərinin istintaqında texnoloji alətlərin praktiki tətbiqi” mövzusunda sessiya keçirilib. Burada çıxış edən nümayəndəmiz Elşən Orucov süni intellekt və rəqəmsal texnologiyaların istintaq prosesində istifadəsinin üstün və zəif cəhətləri barədə fikirlərini bölüşüb. Sessiyada Qətər, Çili, Sinqapur, Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri də öz ölkələrinin təcrübələri ilə çıxış ediblər.
GlobE Network-un Bakı Plenar İclası beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübə mübadiləsi və korrupsiyaya qarşı mübarizədə effektiv yanaşmaların formalaşdırılması baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilir.
xxx
09:19
BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində 6-cı Plenar İclas və İdarəetmə Komitəsinin 10-cu Görüşü keçirilib.
Trend xəbər verir ki, tədbirdə müxtəlif ölkələrin hüquq mühafizə orqanlarını təmsil edən 50-yə yaxın rəhbər vəzifəli şəxslər iştirak ediblər.
Əsas mövzusu “Korrupsiyaya qarşı mübarizədə yeni texnologiyalar və süni intellektin tətbiqi imkanları” olan Plenar İclasda korrupsiya nəticəsində əldə edilmiş vəsaitlərin müsadirəsi, əldə edilmiş aktivlərin birbaşa bərpası, maliyyə əməliyyatlarında şübhəli əməliyyatların dayandırılması, cinayət prosesində bank hesablarının sürətli dondurulması üzrə beynəlxalq əməkdaşlıq, korrupsiyaya qarşı mübarizədə ictimai maarifləndirmə və digər alt mövular üzrə panel, sessiya və paralel tədbirlərdə 100-dən artıq çıxış nəzərdə tutulur.
Eyni zamanda, Plenar İclas çərçivəsində Azərbaycan Respublikası Prokurorluğunun təşəbbüsü ilə “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar, habelə ölkəmizin COP29 sədrliyi ilə bağlı ekoloji hüquqpozmalara qarşı mübarizə ilə bağlı xüsusi sessiya və paralel tədbirlər də keçiriləcəkdir.
Bundan başqa, tədbirdə çoxsaylı ikitərəfli görüşlərin keçirilməsi və qarşılıqlı əməkdaşlığa dair memorandumların imzalanması planlaşdırılır.
Tədbirdə ilk çıxış edən Baş Prokuror Kamran Əliyev bildirib ki, Azərbaycan son illər qlobal təşəbbüslərə ev sahibliyi edən mühüm beynəlxalq mərkəzə çevrilib. Təkcə ötən il ölkəmiz BMT-nin COP29 İqlim Konfransına və Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik toplantısına ev sahibliyi etmiş, hüquq-mühafizə orqanlarının ətraf mühit cinayətlərinə qarşı mübarizəsinə dair yüksək səviyyəli sessiya da daxil olmaqla, bir sıra vacib tədbirlər uğurla təşkil olunub.
Onun sözlərinə görə, Azərbaycan son illər qlobal təşəbbüslərə ev sahibliyi edən mühüm beynəlxalq mərkəzə çevrilmişdir. Təkcə ötən il ölkəmiz BMT-nin COP29 İqlim Konfransına və Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik toplantısına ev sahibliyi etmiş, hüquq-mühafizə orqanlarının ətraf mühit cinayətlərinə qarşı mübarizəsinə dair yüksək səviyyəli sessiya da daxil olmaqla, bir sıra vacib tədbirlər uğurla təşkil olunub:
"Azərbaycan GLOBE Şəbəkəsinin fəal üzvü olaraq bu platformanı yüksək qiymətləndirir. Bu şəbəkə beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, dürüstlüyün təşviqinə və transmilli korrupsiyaya qarşı birgə mübarizəyə töhfə verir. Bu təşəbbüsün yaranması və inkişafında Səudiyyə Ərəbistanı Krallığının və xüsusilə onun korrupsiyaya qarşı mübarizə orqanı olan “Nazaha” təşkilatının əvəzsiz rolu olub. Biz bu mühüm qlobal təşəbbüsə verdikləri töhfəni və göstərdikləri liderliyi yüksək dəyərləndiririk".
Daha sonra BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Korrupsiya və İqtisadi Cinayətlər Şöbəsinin rəhbəri Bricit Strobel-Şou deyib ki, bu gün korrupsiyaya qarşı mübarizəyə sadiqliyimizi buradan vurğulayırıq. Korrupsiya sərhəd tanımır, qanunvericilik boşluqlarında gizlənir.
Onun sözlərinə görə, əməkdaşlıq ən güclü şəbəkədir: "Bu səbəblə korrupsiyanın qarşısını almaq üçün hər biur şeyi etməliyik. Bizim bu sessiyalar zamanı bilikləri bölüşmək imkanımız yaranacaq. Burada həmçinin qanunvericilik prioritetlərini müəyyən edə bilərik. Bu platforma müvafiq orqanlar arasında əlaqələrin qurulması üçün vacibdir".
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva isə vurğulayıb ki, korrupsiya vətəndaşları öz hüquqlarından məhrum edir və idarəçiliyin əsaslarını sual altına alır. Onun sözlərinə göre, hamımız çalışmalıyıq ki, dayanıqlı və yaşıl artımı təmin edək:
"Biz tərəfdaşlığımızı gücləndirməliyik ki, şəffaflıq artsın. BMT-nin korrupsiyaya qarşı konvensiya beynəlxalq səviyyədə hüquqi qüvvəyə malik yeganə sənəddir. Burada cinayət təqiblərinin görülməsi barədə konkret məsələlər qoyulur".
GlobE Network rəhbər komitəsinin sədri Nasser Abaalhkalil isə deyib ki, aramızdakı əməkdaşlıq etimada əsaslanan əməkdaşlığa çevrilib.
O bildirib ki, korrupsiya sərhəd tanımır, bu bizim birgə əməkdaşlığımızı daha da gücləndirməlidir. "Bizim əməkdaşlığımız korrupsiyadan daha güclü olmalıdır. Birgə getdiyimiz yol çox gözəl nəticə verdi. Qarşımızda aydın əməliyyat məqsədi var idi. Hərtərəfli əlaqələr quraq və yoldaşlığı davam etdirək. Gündəliyə nəzər salsaq görərik ki, orada günün reallığı əks olunub".