Bakı. Trend:
Ağ Ev Qətər kral ailəsinə məxsus lüks Boeing 747 təyyarəsinin ABŞ prezidentinin istifadəsinə verilməsi ilə bağlı danışıqlar aparır.
Trend-in məlumatına görə, bu barədə Amerika mediası xəbər yayıb.
Qətər tərəfi təyyarənin ABŞ-yə hədiyyə olunacağını təkzib etsə də, hazırda iki ölkə arasında onun "müvəqqəti istifadəsi"nin müzakirə olunduğunu bildirir. Məlumat ABŞ Prezidenti Donald Trampın bu həftə Qətərə səfərindən əvvəl yayılıb.
Qətər hökumətinin ABŞ-dəki nümayəndəsi Əli Əl-Ansari bildirib ki, məsələ Qətər Müdafiə Nazirliyi ilə ABŞ-nin Pentaqon qurumu arasında danışıqlar mərhələsindədir.
“Bu məsələ müvafiq hüquq xidmətləri tərəfindən nəzərdən keçirilir və hələlik heç bir yekun qərar verilməyib”, – deyə Əl-Ansari qeyd edib.
CBS News-un məlumatına əsasən, təyyarə ABŞ-yə təhvil verildikdən dərhal sonra prezidentin istifadəsinə yararlı olmayacaq. Bunun üçün əvvəlcə hava gəmisinin yenidən qurulması və müvafiq təhlükəsizlik sistemləri ilə təchiz olunması zəruridir.