Bakı. Trend:
Qazaxıstan və Azərbaycan risklərin idarə olunması və fövqəladə hallara reaksiya sahəsində əhəmiyyətli təcrübəyə malikdir və Türk Dövlətləri Təşkilatının (TDT) mülki müdafiə mexanizminin formalaşdırılması və effektiv şəkildə həyata keçirilməsində həlledici rol oynaya bilərlər
Bunu Trend-ə qazaxıstanlı politoloq Aqgerim Jampetova TDT-nin Budapeştdə keçən qeyri-rəsmi zirvə toplantısının nəticələrinə dair verdiyi müsahibədə bildirib.
"İqlimlə bağlı təhdidlərin artması və təbii fəlakətlərin sayının çoxalması fonunda bu sahədə dövlətlərarası əlaqələndirmənin əhəmiyyəti sürətlə artır. Qazaxıstan və Azərbaycan öz milli mülki müdafiə sistemlərində istifadə olunan, sınaqdan çıxmış təcrübə və texnologiyaları təklif etməklə kifayət qədər çəkisi olan töhfə verə bilərlər. Bundan savayı, birgə təlimlərin təşkili, ekspert mübadiləsi və vahid reaksiya standartlarının hazırlanması məsələlərindən də söz gedə bilər", – deyə o vurğulayıb.
Onun sözlərinə görə, Qazaxıstan coğrafi mövqeyi və geniş ərazisi ilə əlaqədar olaraq - daşqınlardan texnogen qəzalaradək - fövqəladə hallara reaksiya sahəsində böyük təcrübəyə malikdir. Azərbaycan isə öz növbəsində, mülki müdafiə xidmətlərini aktiv şəkildə inkişaf etdirir və beynəlxalq formatda səmərəli işləyə bilən mobil xilasetmə bölmələrinə sahibdir.
Ekspert, həmçinin, Macarıstanın iştirakını nəzərə alaraq, TDT-nin nəqliyyat əməkdaşlığının inkişafının vacibliyini qeyd edib.
“TDT-nin əsas layihələrindən biri olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun perspektivləri Macarıstanın marağı sayəsində əhəmiyyətli dərəcədə genişlənir. Budapeştin Avrasiya nəqliyyat-logistika zəncirlərinə inteqrasiya olunmaq niyyəti dəhlizin qərb hissəsinin möhkəmləndirilməsinə və Avropa bazarları ilə dayanıqlı əlaqənin təmin olunmasına xidmət edə bilər.
Macarıstan artıq infrastruktur layihələrində və loqistika hablarında iştirak etməyə hazır olduğunu nümayiş etdirir ki, bu da ölkəni mühüm tranzit tərəfdaşına və TDT üçün Avropa İttifaqına potensial giriş nöqtəsinə çevirir”, – deyə o qeyd edib.
Xatırladaq ki, mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısı keçirilib. Görüşün yekununda Budapeşt Bəyannaməsi imzalanıb.