Bakı. Trend:
İnnovasiya iqtisadiyyatı üzrə araşdırma platforması olan “StartupBlink” 2025-ci il üçün Qlobal Startap Ekosistemi İndeksini açıqlayıb. Bakı bir neçə kateqoriya üzrə digər Mərkəzi Asiya şəhərlərindən daha yüksək nəticə göstərərək “İlin şəhəri” seçilib.
Trend-ə bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.
Bakı şəhəri, xüsusilə elektron kommersiya, pərakəndə satış, təhsil, həmçinin, sosial-əyləncə sektorunda innovativ texnologiyaların tətbiqi üzrə rəqiblərindən öndədir. Bununla yanaşı, Bakı tədbirlər (31), logistika (65), səyahət (71), onlayn bazarlar (91) və “SaaS” xidmətləri kateqoriyalarında da ilk qlobal yüzlükdə yer alıb.
Qeyd edək ki, Azərbaycan son dörd ilin hesabatında ardıcıl inkişaf nümayiş etdirərək, cari ildə 74-cü yerə yüksəlib. Ölkəmiz “StartupBlink” qlobal reytinqində 2021-ci ildə 89, 2022-ci ildə 85, 2023-cü ildə 84 və 2024-cü ildə isə 80-ci mövqedə olub. Bu il ümumilikdə 118 ölkənin və 1473 şəhərin innovasiya göstəriciləri dəyərlədirilib. Reytinqin ilk beşliyində ABŞ, Birləşmiş Krallıq, İsrail, Sinqapur və Kanada yer alıb.