Bakı. Trend:
İran ABŞ ilə dolayı şəkildə keçirilən nüvə müzakirələrinin 4-cü raundunda təyinedici məqsədə nail olunacağına ümid edir.
Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi bu gün Omana səfər etməzdən öncə Tehranda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ABŞ ilə indiyədək baş tutan 3 raund ərzində İran müəyyənləşmiş mövqeyini qoruyub və tam şəffaf şəkildə öz qərarlarını bəyan edib.
Araqçi bildirib ki, İranın nüvə proqramı güclü hüquqi əsaslara sahibdir. Bu proqramın bütün cəhətləri dincməqsədlidir. Həmişə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarətində olub və olacaq.
“Uranın zənginləşdirilməsi İranın əldə etdiyi nailiyyət və fəxrlərdən biridir. Uranın zənginləşdirilməsi İrana baha başa gəlib. Bu yolda nüvə alimlərinə sui-qəsdlər törədilib. Ona görə, bu məsələ müzakirə olunacaq məsələ deyil. Təbii ki, naməlum nüanslar, suallar və yaxud hər hansı narahatlıq olarsa, İran etimad yaratmağa hazırdır”, - deyə o qeyd edib.
Qeyd edək ki, 12, 19 və 26 aprel tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 3 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1 və 3-cü raundu Oman paytaxtı Məsqətdə, 2-ci raundu isə İtaliya paytaxtı Romada baş tutub.
Müzakirələrin 4-cü raundu 11 mayda Oman paytaxtı Məsqətdə keçiriləcək.