...

İslam İnkişaf Bankının Bakıda keçiriləcək İllik Toplantısı üzv dövlətlər üçün vacib platforma olacaq – Mühəmməd Əl-Cəssir (ÖZƏL MÜSAHİBƏ)

İqtisadiyyat Materials 22 May 2025 20:30 (UTC +04:00)
İslam İnkişaf Bankının Bakıda keçiriləcək İllik Toplantısı üzv dövlətlər üçün vacib platforma olacaq – Mühəmməd Əl-Cəssir (ÖZƏL MÜSAHİBƏ)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Əlcəzair. Trend:

İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantısı bu il Bakıda baş tutacaq və bu tədbir üzv ölkələr və qlobal tərəfdaşlar üçün inkişaf sahəsində, xüsusilə də kövrək və münaqişələrdən təsirlənmiş regionlarda aktual problemlərin həllinə yönəlmiş mühüm bir platformaya çevriləcək. Qeyd edək ki, bu regionlar Bankın üzvlərinin yarıdan çoxunu təşkil edir.

Bu barədə Trend-in xüsusi müxbirinə İslam İnkişaf Bankı Qrupunun sədri Mühəmməd Əl-Cəssir IsDB-nin Əlcəzairdə keçirilən illik toplantısı çərçivəsində verdiyi özəl müsahibədə deyib.

O qeyd edib ki, iclaslarda əsas diqqət resursların səfərbər edilməsinə və əməkdaşlığın gücləndirilməsinə yönələcək. Məqsəd iqlim dəyişikliklərindən qaynaqlanan sarsıntıların, infrastruktur çatışmazlığının və insan inkişafı sahəsindəki ehtiyacların aradan qaldırılmasıdır.

"Regional ticarət və inteqrasiya əsas mövzulardan biri olacaq ki, bu da Azərbaycanın strateji baxışına tam uyğundur. Bu, transmilli infrastrukturun inkişafını, rəqəmsal əlaqəliliyin gücləndirilməsini, ticarətin sadələşdirilməsini və kiçik və orta sahibkarlığın elektron ticarət platformaları vasitəsilə dəstəklənməsini əhatə edir. Toplantının nəticələrinin IsDB Qrupunun 2026–2035-ci illəri əhatə edən Onillik Strateji Çərçivə Proqramının hazırlanmasında əsas baza rolunu oynayacağı və burada regional inteqrasiyanın aparıcı yer tutacağı gözlənilir", -deyə Əl-Cəssir vurğulayıb.

O əlavə edib ki, müzakirələrin mərkəzində uzunmüddətli struktur islahatları dayanacaq. Bu islahatlar qeyri-sabit qlobal iqtisadi mühitdə dayanıqlı inkişafa və dayanıqlılığın artırılmasına yönəlib .

"Əsas mövzular sırasında iqtisadi şaxələndirmə, rəqəmsal keçid, enerji keçidi və regional əməkdaşlıq var – bütün bu istiqamətlərdə Azərbaycan strateji rol oynayır. Bakıda keçiriləcək iclaslar, həmçinin, yeni Strateji Çərçivənin praktiki icrasına yol açacaq, diqqəti yalnız baxışın formalaşdırılmasına deyil, həm də konkret icra mexanizmlərinə, monitorinqə və tədbirin hüdudlarından kənara çıxan tərəfdaşlıqların genişləndirilməsinə yönəldəcək", — deyə IsDB rəhbəri əlavə edib.

Azərbaycan və IsDB arasında əməkdaşlığın yeni istiqamətləri

Əl-Cəssir 2024-cü ilin əvvəlində IsDB Azərbaycanla Əməkdaşlıq üzrə Çərçivə Proqramını işə saldığını xatırladıb.

"Bu proqram çərçivəsində biz ilk layihəni — ərzaq təhlükəsizliyinin təmin olunması və Qarabağın inkişafına dəstək üzrə layihəni 2024-cü ilin noyabrında COP29 çərçivəsində imzaladıq. Hazırda bir neçə yeni təşəbbüsün, o cümlədən, regional enerji dəhlizlərinin inkişafı, Ələt Azad İqtisadi Zonası layihəsinin yaradılması və Qarabağda mümkün suvarma layihələri üzrə danışıqlar aparılır", — deyə o bildirib.

IsDB rəhbəri, həmçinin, Azərbaycanın Cənub-Cənub əməkdaşlığının təşviqi istiqamətindəki təşəbbüslərində bankın tərəfdaş olmağa maraqlı olduğunu qeyd edib.

"Bu yaxınlarda Azərbaycan Mərkəzi Bankı ilə İslam İnkişaf Bankının İnstitutu arasında İslam maliyyələşməsinin təşviqi məqsədilə texniki yardım sazişi imzalanıb. Bundan başqa, bu yaxınlarda həm də daha bir texniki yardım sazişi imzalanıb ki, bu da Pakistanla Azərbaycan arasında yüksək məhsuldarlığa malik pambıq sortlarının yaradılması sahəsində əməkdaşlığın inkişafına yönəlib", - deyə Əl-Cəssir əlavə edib.

2025-ci ildə Əlcəzairdə keçirilmiş İllik Toplantıların konkret nəticələri

Mühəmməd Əl-Cəssir vurğulayıb ki, bu İllik Toplantılar sadəcə texniki və ya formal tədbir deyil, konkret fəaliyyətlər üçün dinamik bir platformadır.

“İclaslar zamanı yeni strateji çərçivə proqramı qəbul edildi, bir neçə saziş və tərəfdaşlıq imzalandı, eləcə də, yüksək potensiala malik sahələrin maliyyələşdirilməsi və inkişafı üzrə təşəbbüslər irəli sürüldü. Bu, liderlər, hökumət nümayəndələri və maraqlı tərəflər üçün Əlcəzairdə bir araya gələrək İslam dünyasında iqtisadi şaxələndirmə problemlərinə innovativ həll yollarını müzakirə etmək baxımından nadir bir fürsət idi. Gələcək baxımından biz rəqəmsal keçidin tərəqqisi, maliyyə texnologiyalarının (Fintech) inkişafı və ağıllı infrastruktur sahəsinə investisiya yatırmaqla iqtisadiyyatlarımızı daha səmərəli, dayanıqlı və inklüziv etmək niyyətindəyik”,- deyə Əl-Cəssir bildirib.

IsDB rəhbəri əlavə edib ki, Bank qəbul olunmuş tövsiyələrin həyata keçirilməsi və üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə nəzarət sahəsində aktiv fəaliyyət göstərəcək.

“Bundan savayı, biz təşəbbüslərin təsirini qiymətləndirməyi və onların tətbiqi üçün üzv ölkələrlə sıx əməkdaşlıq şəraitində aydın yol xəritəsi hazırlamağı planlaşdırırıq”, - deyə o bildirib.

2025-ci il İllik Toplantılarında əldə olunmuş nəticələrin və tərəfdaşlıqların həyata keçirilməsi istiqamətində Bankın növbəti addımları

Əl-Cəssir qeyd edib ki, İslam İnkişaf Bankı (IsDB) illik toplantılarda aparılmış müzakirələri qlobal inkişaf məqsədlərinə dəstək yönündə konkret fəaliyyətlərə çevirməyi qarşısına məqsəd qoyub.

“Bu, əldə olunmuş ideyaların konkret təşəbbüs və inkişaf layihələrinə çevrilməsini təmin edən fəaliyyət planlarının hazırlanmasını əhatə edir. Bank üzv ölkələrlə, özəl sektor nümayəndələri və digər inkişaf təşkilatları ilə tərəfdaşlıqları möhkəmləndirərək resurslardan və ekspertizadan maksimum istifadəni təmin edəcək”, - deyə o vurğulayıb.

IsDB rəhbəri qeyd edib ki, strateji və səmərəli resurs bölgüsünü təmin etmək məqsədilə prioritet maliyyələşmə əsas inkişaf sahələrinə yönəldiləcək.

“Bank maraqlı tərəflərlə aktiv qarşılıqlı əlaqə quraraq təşəbbüslərinin yerli ehtiyac və prioritetlərə uyğun olmasına zəmanət verəcək. Eyni zamanda ölkələr arasında bilik və ən yaxşı təcrübələrin mübadiləsi təşviq ediləcək ki, bu da innovasiyaları stimullaşdıracaq və inkişaf proqramlarının keyfiyyətini artıracaq.

Bundan savayı, IsDB strategiya və proqramlarının təsirini qiymətləndirmək və irəliləyişi izləmək üçün monitorinq və qiymətləndirmə sistemlərini gücləndirməyi planlaşdırır. Nəhayət, Bank təşəbbüslərin səmərəli tətbiqi üçün ölkələri lazımi bacarıq və alətlərlə təmin etmək məqsədilə potensialın inkişafı proqramlarına sərmayə yatıracaq”, - deyə Əl-Cəssir qeyd edib.

İqtisadi şaxələndirmənin üzv dövlətlərin uzunmüddətli dayanıqlılıq və rifahına təsiri

IsDB Qrupunun sədri vurğulayıb ki, iqtisadi şaxələndirmə sadəcə bir seçim deyil, iqtisadi dayanıqlığın gücləndirilməsi və ümumi rifaha nail olmaq üçün zəruri bir addımdır.

“Təbii resurslardan asılılığın azaldılması hesabına şaxələndirmə xarici şoklar qarşısında iqtisadiyyatların sabitləşməsinə, eləcə də innovasiya, rəqəmsal iqtisadiyyat və xidmət sahələri üçün yeni imkanların açılmasına şərait yaradır. Bu strategiyanın gerçəkdən həyata keçirilməsi üçün yeni sahələrin fəal şəkildə inkişaf etdirilməsi, regional və qlobal əlavə dəyər zəncirlərinin möhkəmləndirilməsi, eləcə də Əlcəzair və digər üzv ölkələrdə daha inklüziv iqtisadi imkanların yaradılması vacibdir. Strateji investisiyalar və əməkdaşlıq vasitəsilə şaxələndirmə uzunmüddətli dayanıqlı inkişafın katalizatoruna çevrilir”, - deyə Əl-Cəssir bildirib.

İslam maliyyələşməsi inklüziv artımın katalizatoru rolunda - ələlxüsus Əlcəzair kimi ölkələrdə

Əl-Cəssir qeyd edib ki, Əlcəzair orta gəlirli ölkə statusuna, əhalisinin əksəriyyətinin müsəlman olmasına və ÜDM-nin 30 faizindən çoxunu təşkil edən böyük qeyri-formal iqtisadiyyata malik olması baxımından, inklüziv iqtisadi artım üçün islam maliyyəsinin imkanlarından istifadə etmək potensialına sahibdir.

“Əlcəzairdə inkişaf etmiş islam maliyyə sektoru sosial baxımdan əhatə olunmayan təbəqələrin rəsmi maliyyə sisteminə inteqrasiyasına kömək edə, daxili yığımları səfərbər edə, kapitalın bölgüsünü yaxşılaşdıra və maliyyə risklərini şaxələndirə bilər. İqtisadçılar getdikcə daha çox belə qənaətə gəlirlər ki, maliyyə sisteminin quruluşu — bank əsaslı və ya bazar əsaslı olmasından daha çox onun maliyyə vasitəçiliyində nə dərəcədə səmərəli olması inkişaf üçün həlledici rol oynayır. Ərəb Dövlətləri Körfəz Əməkdaşlıq Şurası ölkələrinin və Malayziyanın təcrübəsi göstərir ki, islam maliyyəsi iqtisadi inkişaf üçün güclü katalizator ola bilər. Əlcəzairin də karbohidrogenlərə əsaslanan iqtisadiyyat, müsəlman əhalinin çoxluğu və siyasi sabitlikdən ibarət oxşar struktur özəllikləri var", - deyə Əl-Cəssir qeyd edib.

O əminliyini ifadə edib ki, Əlcəzair Körfəz Əməkdaşlıq Şurası ölkələrinin seçdiyi istiqamətdə islam maliyyəsinin inkişafına üstünlük versə, müqayisəli iqtisadi faydalara nail ola bilər.

“Əlcəzairdə islam bankçılığı sürətlə inkişaf edə bilər və ənənəvi bank sektorundan uzaq duran əhali qruplarına maliyyə xidmətləri təqdim etməklə maliyyə inklüzivliyini artırar və daha sürətli iqtisadi artıma təkan verər”, - deyə IsDB rəhbəri vurğulayıb.

İslam İnkişaf Bankı Qrupunun gənclər və qadınları inkişaf strategiyalarının mərkəzinə cəlb etməyə yönəlmiş səyləri

“Təcrübə və ən yaxşı praktikaların mübadiləsi bizə praktik və miqyaslana bilən həllərin birgə yaradılmasına imkan verir. Bu da xüsusilə gənclər və qadınlar üçün – innovasiya və sosial tərəqqinin həyati əhəmiyyətli qüvvəsi olaraq – yeni imkanlar açır. Belə təcrübə mübadilələri təkcə ölkələr arasında təlim və əməkdaşlığı təşviq etmir, eyni zamanda inklüziv siyasətin formalaşmasına və digər şərtlərdə öz effektivliyini sübut etmiş uğurlu modellərin uyğunlaşdırılmasına təkan verir”,- deyə Mühəmməd Əl-Cəssir bildirib.

IsDB-nin rəhbəri qadınların və gənclərin imkanlarının genişləndirilməsinin bankın inkişaf yanaşmasının əsas elementi olduğunu vurğulayıb.

“Biz kompleks təlim proqramlarını, sahibkarlığın inkişafını və maliyyə ilə rəqəmsal texnologiyalara çıxış imkanlarının genişləndirilməsini dəstəkləmək öhdəliyinə sadiqik. Qadınları iqtisadiyyatda tam iştirak üçün zəruri resurs və bacarıqlarla təmin etməklə, eyni zamanda gənclərin sahibkarlıq potensialını inkişaf etdirməklə, biz daha inklüziv və dayanıqlı cəmiyyətlər qurmağa çalışırıq”, – deyə o qeyd edib.

Əl-Cəssir, həmçinin, iqlim dəyişikliklərinə diqqət çəkib. O bildirib ki, bu, qlobal miqyasda ən ciddi problemlərdən biri olmaqla yanaşı, həm də unikal imkanlar yaradır.

“İqlim dəyişikliklərini yalnız risk kimi deyil, innovasiya və dayanıqlı inkişaf üçün hərəkətverici qüvvəyə çevirməyə çalışırıq. Bərpa olunan enerji, yaşıl infrastruktur və iqlimə uyğun texnologiyalara strateji investisiyalar vasitəsilə biz ekoloji təhlükələri azaltmaqla yanaşı, həm də yeni ‘yaşıl’ iş yerləri yarada, enerji təhlükəsizliyini artıra və üzv ölkələrdə iqlimə dayanıqlıq iqtisadiyyatlar qura bilərik”, - deyə IsDB prezidenti vurğulayıb.

IsDB-nin innovasiyalar, rəqəmsallaşma və maliyyə texnologiyalarından istifadə edərək iqtisadi artımı stimullaşdırmaq planları

“Əlcəzair və digər üzv ölkələrdə milyonlarla gəncin əmək bazarına daxil olduğu bir dövrdə, İslam İnkişaf Bankı Qrupu inklüziv və gələcəyə hazır iqtisadiyyatlar qurmağın vacibliyini anlayır. Biz sahibkarlığın inkişafı, rəqəmsal bacarıqlara çıxış imkanlarının genişləndirilməsi və rəqəmsal iqtisadiyyata sərmayə qoyuluşu yolu ilə gənclərə dəstək olmağa çalışırıq. Bu yanaşma yalnız dayanıqlı iş yerlərinin yaradılmasından ibarət deyil. O, həm də cəmiyyətləri sürətlə dəyişən qlobal dünyada uğurla inkişaf etmək üçün zəruri alətlərlə təmin edir,” – deyə Mühəmməd Əl-Cəssir bildirib.

IsDB rəhbəri innovasiyaların dayanıqlılığın və rəqabət qabiliyyətinin artırılmasında əsas amil olduğunu xüsusi vurğulayıb.

“Tədqiqatları təşviq etməklə, startapları dəstəkləməklə və texnologiyaların tətbiqini stimullaşdırmaqla biz yeni inkişaf mənbələri aça və üzv ölkələrin iqlim dəyişiklikləri, təchizat zəncirlərindəki pozuntular və əmək bazarındakı dəyişikliklər kimi qlobal çağırışlara uyğunlaşmaq qabiliyyətini artıra bilərik. Rəqəmsal keçid dövlət xidmətlərinin – səhiyyə və təhsildən tutmuş sosial müdafiə və maliyyə inklüzivliyinə qədər – səmərəliliyinin, əlçatanlığının və şəffaflığının artırılması üçün böyük potensiala malikdir. IsDB Qrupu ağıllı infrastruktur, e-idarəetmə platformaları və inklüziv rəqəmsal ekosistemlərə investisiyaları fəal şəkildə dəstəkləyir,” -deyə o əlavə edib.

Əl-Cəssir maliyyə texnologiyalarının (fintech) əhalinin lazımınca xidmət görməyən təqəbəsi, ələlxüsus da qadınlar və kiçik bizneslər üçün maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi baxımından güclü alətlər təqdim etdiyini də xüsusi olaraq qeyd edib.

“Fintech həllərindən istifadə etməklə biz maliyyə inklüzivliyinə töhfə verməyə, kapitala çıxışı yaxşılaşdırmağa, trans-sərhəd ticarəti və investisiyaları asanlaşdırmağa çalışırıq. Gələcəkdə strategiyamız innovasiyanı və rəqəmsallaşmanı bütün sahələrə – istər kənd təsərrüfatı, istər enerji, istər sənaye, istərsə də təhsil sahəsinə – inteqrasiya edəcək ki, üzv ölkələr texnologiyalardan yalnız iqtisadi artım üçün deyil, eyni zamanda inklüziv və dayanıqlı inkişaf məqsədilə də istifadə edə bilsinlər,” - deyə Əl-Cassir sonda bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »