Bakı. Trend:
2018-ci ildən etibarən "Azərbaycan Respublikasının dövlət borcunun idarə olunmasına dair orta və uzunmüddətli Strategiya"nın uğurlu icrası nəticəsində dövlət istiqrazları bazarı təxminən 9 dəfə artaraq 9 milyard manat həcmə çatıb.
Trend xəbər verir ki, bu sözləri Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mürsəqulov bu gün Bakıda keçirilən Maliyyə İnvestisiya Forumunda çıxışı zamanı deyib.
O xatırladıb ki, dövlət qiymətli kağızlar bazarının nəzərəçarpacaq artımı 2018-ci ilə təsadüf edir:
"Həmin il Azərbaycan Respublikasının Prezidenti tərəfindən
təsdiqlənmiş "Azərbaycan Respublikasının dövlət borcunun idarə
olunmasına dair orta və uzunmüddətli Strategiya" sənədi qəbul
edilmişdir. Strategiyanın əsas istiqamətlərindən biri daxili
maliyyə bazarlarının inkişaf etdirilməsi, xarici borcun tədricən
azaldılması fonunda daxili borclanmanın artırılması və dövlət
qiymətli kağızları bazarının genişləndirilməsi olmuşdur".
"2018-ci ildən etibarən strategiyanın uğurlu icrası nəticəsində
dövlət istiqrazları bazarı təxminən 9 dəfə artaraq 9 milyard manat
həcmə çatmışdır. Bu inkişaf təkrar bazar və repo bazarı kimi digər
ikinci dərəcəli maliyyə alətlərinin də genişlənməsinə səbəb
olmuşdur. Belə ki, bu dövr ərzində təkrar bazar 5 dəfə, repo
əməliyyatlarının həcmi isə təxminən 60 dəfə artmışdır.
Əvvəllər dövlət qiymətli kağızlarının əsas investorları banklar və sığorta şirkətləri idisə, son dövrlərdə investor bazasında həm institusional, həm korporativ investorlar, eləcə də fiziki şəxslər, o cümlədən xarici vətəndaşlar da iştirak etməyə başlamışdır. Bu, bazarın daha da dərinləşməsinin və genişlənməsinin göstəricisidir.
Bu kontekstdə, vasitəçi şirkətlərin rolu da xüsusi qeyd olunmalıdır. Çünki onlar investorlarla qiymətli kağızlar bazarı arasında effektiv əlaqə yaradılmasına yardım edir və bazar iştirakçılığını təmin edirlər", - deyə A. Mürsəqulov vurğulayıb.