Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayon prokuroru Rəşad Məmmədov və idarə, müəssisə rəhbərlərinin iştirakı ilə Hacıəlibəy kəndində növbəti səyyar qəbulunu keçirib.
Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, qəbulda Hacıəlibəy İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Hacıəlibəy, Ağyazı Buduq, Bayoba, Suxtalaqışlaq kəndlərinin və Arzu qəsəbəsinin sakinləri iştirak edib.
Sakinlər əvvəlki səytyar qəbullarda səsləndirilən bəzi müraciətlərin həlli istiqamətində görülən işlərə görə təşəkkürünü bildirib. Həmçinin yolların təmiri, tibb məntəqəsinin təmiri və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.