Bakı. Trend:
Saxta yolla tələbə adını qazananlara viza verilir, amma əziyyət çəkənlər kənarda qalırlar.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deyib.
Millət vəkili vurğulayıb ki, insan alverinə qarşı sosial şəbəkələrdə maarifləndirilmə aparılmalıdır:
“Saxta yolla tələbə adını qazananlar müxtəlif qərəzli işlərin ardınca gedir. Amma əziyyət çəkənlər kənarda qalır, onlara viza verilmir. Bundan başqa, sosial şəbəkələrdə də insan alverinə qarşı maarifləndirmə tədbirləri aparılmalıdır. Lazım gəlsə, bununla bağlı maliyyə ayrılmalıdır.
Ucqar rayonlarda olan bəzi insanların televiziyaya, qəzetlərə çıxışı yoxdur, amma sosial şəbəkələrdə aktivdirlər. Ümid edirəm ki, Milli Fəaliyyət Planında bu öz əksini tapacaq”, - deyə N.Həmzəyev qeyd edib.