Bakı. Trend:
Yerli özünüidarəetmə sistemində hər hansı bir dəyişiklik onun hüquqi statusuna, idarəetmə muxtariyyətinə və maliyyə sərbəstliyinə birbaşa təsir göstərə bilər.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, bələdiyyələrin birgə fəaliyyəti onların qərarına əsasən, qarşılıqlı razılaşma və müqavilə çərçivəsində həyata keçirilir, müqavilədə isə fəaliyyətin sahələri, maliyyələşdirmə qaydaları, müddətlər və digər şərtlər göstərilir.
“Bu müddəanın hüquqi məntiqinə əsaslanaraq bələdiyyələrin birgə qərarı əsasında ortaq tədbirlərin həyata keçirilməsi, o cümlədən, informasiya sisteminin yaradılması mümkündür. Lakin bu halda həmin sistem dövlət informasiya sistemi deyil, bələdiyyələrin ortaq mülkiyyətində olan informasiya sistemi kimi təsbit olunmalıdır. Burada ya istinad uyğun deyil, ya da təqdim edilən əsaslandırma hüquqi baxımdan ziddiyyətlidir”.
Deputat vurğulatıb ki, təklif olunan qanun layihəsində göstərilir ki, bu informasiya sisteminin yaradılması və saxlanılması bələdiyyələrin yerli büdcəsi hesabına, özü də “əsasnamə ilə müəyyən olunmuş həcmdə” həyata keçiriləcək.
“Halbuki, qanunvericiliyə əsasən, büdcənin formalaşdırılması və xərclənməsi yalnız bələdiyyə üzvlərinin qərarı ilə mümkündür. Yəni, büdcənin sərəncamçısı və məsrəf prioritetlərini müəyyən edən yeganə orqan bələdiyyənin özüdür. Bu baxımdan, bələdiyyə üzvlərinin iradəsindən kənar, hüquqi-normativ müddəa şəklində bələdiyyələrin üzərinə maliyyə öhdəliyinin qoyulmasının bələdiyyələrin səlahiyyətinə zidd olduğunu düşünürəm.
Əgər bələdiyyələr informasiya sisteminin iştirakçısı olmaqla yanaşı, onun maliyyə yükünü də daşımağa məcbur edilirsə və bu sistemlə bağlı məlumat dövriyyəsinin şərtləri icra hakimiyyəti tərəfindən müəyyən olunursa, bu artıq Konstitusiyanın müvafiq normaları ilə uyğunlaşmır.
İnformasiya sisteminin saxlanması üçün yerli büdcədən vəsaitin ayrılması isə qanunvericiliyin tələblərinə uyğun olaraq yalnız bələdiyyənin öz qərarı ilə həyata keçirilməli, dövlət isə bu prosesdə əlaqələndirici və texniki dəstək verən tərəf kimi çıxış etməlidir”.