Bakı. Trend:
İstanbulun Halkalı Yahya Kemal Beyatlı Göstəri Mərkəzində “Konstitusiya və Suverenlik İli” və 28 May – Müstəqillik Günü münasibətilə təntənəli tədbir təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbir Azərbaycan Diasporuna Dəstək Fondunun, Türkiyə Azərbaycan-Dərnəkləri Federasiyasının (TADEF) və İstanbulun İFA İdman Klubunun təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, Ümummilli Lider Heydər Əliyevin və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib. Dövlət himnləri səsləndirilib.
Sonra TADEF-in fəaliyyəti haqqında videoçarx nümayiş olunub.
Rəsmi hissədə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, TADEF-in rəhbəri Adalet Turan, İstanbulun Küçükçekmece rayonunun Kaymakamı Mustafa Anteplioğlu və digərləri Türkiyə-Azərbaycan qardaşlığı, Qarabağ zəfəri və bu qələbənin Türk dünyası üçün əhəmiyyətindən danışıblar.
Tədbir “TRT Türkü” radiosunda yayımlanan “Azərbaycan rüzgarı” proqramının müəllifi və aparıcısı Səidə Ömərin təqdimatında bədii hissə ilə davam edib.
Konsertdə Azərbaycan Respublikasının Xalq artisti Əlixan Səmədov, müğənnilər İradə İbrahimova və Günel Zeynalova sevilən musiqi nömrələri təqdim ediblər. Tanınmış tarzən Rövşən Qurbanovun rəhbərlik etdiyi muğam qrupunun – kamançada Ceyhun Muradov və nağarada Səyyar Teymurovun müşayiəti ilə tanınmış xanəndə, Azərbaycan Dövlət Filarmoniyasının solisti Rəvanə Qurbanova könül oxşayan Azərbaycan muğamı nümunələrini ifa edib. Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə işıq özü görən “Azərbaycan rüzgarı” rəqəmsal albomundan “Laçın” və “İrəvanda xal qalmadı” əsərləri azərbaycanlı tarzən, İstanbul Universitetinin doktorantı Pərviz Musayevin ifasında səsləndirilib.
Əllərində Azərbaycan və Türkiyənin bayraqları dalğalanan iştirakçılar incəsənət ustalarının çıxışlarını sürəkli alqışlarla qarşılayıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası məqsədilə hazırlanan tədbirlər planına əsasən təşkil olunub.