Bakı. Trend:
Almaniyanın cənubundakı Bavariya əyalətində qatarın yük maşını ilə toqquşması nəticəsində 9 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, bu barədə DPA agentliyi polis nümayəndəsinə istinadən xəbər yayıb.
Hadisə yerli vaxtla saat 15:00 radələrində Pokinq şəhəri yaxınlığındakı qorunmayan dəmiryol keçidində baş verib. Qəza nəticəsində yük maşınının sürücüsü və qatarda olan bir nəfər ağır xəsarət alıb, daha 7 nəfər yüngül zədələnib.
Bildirilir ki, toqquşma zamanı regional qatarda ümumilikdə 15 nəfər, yük maşınında isə yalnız sürücü olub. Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
Hazırda ərazidə yanğınsöndürənlər və xilasedicilər çalışır, hadisə baş verən dəmiryolu xəttində qatarların hərəkəti müvəqqəti dayandırılıb.