Bakı. Trend:
“Masdar” şirkəti təcrübəsini bölüşməyə və Azərbaycanın “yaşıl” enerjiyə keçidində dəstək olmağa hazırdır.
Trend xəbər verir ki, bunu “Masdar” şirkətinin “MEGA Project” layihəsinin direktoru Yernur Ciyönbayev Bakı Enerji Forumunda etdiyi çıxışda bildirib.
Oqeyd edib ki, “Masdar” şirkəti yaşının nisbətən cavan – 19 yaş – olmasına rəğmən, özünü bərpa olunan enerji sferasında dünyanın öndə gedən şirkətlərindən biri kimi sübut edib.
“Masdar” 40-dan çox ölkədə təmsil olunur və bizim portfel bərpaolunan aktivlər üzrə dünyanın ən iri portfellərindən sayılır. Biz Azərbaycanın enerji keçidinin bir hissəsi olmaqdan qürur duyuruq və öz töhfəmizi verməyə hazırıq”, - Y.Ciyönbayev bildirib.
Konkret təşəbbüslərdən söz açan şirkət rəsmisi regionda enerji saxlama şəbəkələrinin inkişaf etdirilməsi üçün potensialın olmasına diqqət çəkib.
“Bizim son dövrlərdəki uğurlu nümunələrimizdən biri Özbəkistandır – burada biz yüzlərlə meqavatt gücündə günəş panelləri və enerji saxlama sistemləri üzrə layihələr həyata keçiririk. Azərbaycanda isə biz oxşar bir layihə – demək olar ki, bir giqavatt-saat gücündə layihə planlaşdırırıq”, – deyə E.Ciyönbayev bildirib.
O, həmçinin, “Masdar” şirkətinin dayanıqlı enerji şəbəkələri üçün normativ baza və texnoloji infrastrukturun yaradılmasına dəstək verməyə hazır olduğunu ifadə edib və bu istiqamətin strateji əhəmiyyət daşıdığını vurğulayıb.