Bakı. Trend:
Bugünədək Türk Dövlətləri Təşkilatı (TDT) olaraq bir çox sahədə ortaq fəaliyyətlər həyata keçirmişik. Ancaq gənclər və ailələrlə bağlı fəaliyyətimiz yox idi. Biz gec də olsa, bu işləri həyata keçirməyə başladıq. Türk dünyasında gənclərin və ailələrin problemlərinin həlli ilə bağlı gələcək planlarımız olacaq.
Trend xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocaman Bakıda TDT-nin ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləkləyici siyasətlər” adlı tədbirdə çıxışı zamanı deyib.
Baş katibin müavini xatırladıb ki, TDT gənclər üçün innovasiya sahəsində proqramlar həyata keçirir:
“İndi isə qadınların problemlərinin həlli ilə bağlı layihələr həyata keçirməyin zamanıdır. Türk dünyasında 170 milyon nəfərə yaxın əhali yaşayır, onların 40 faizini gənclər təşkil edir. Bu gün bir çox ailələr təhdidlərlə üz-üzədir. Bu baxımdan mənəvi keçmişdən gələn ailə dəyərlərimizi qorumaq önəmlidir. Türk Dövlətləri Təşkilatında ailə siyasətlərinin uyğunlaşdırılması üçün ortaq strategiyaların həyata keçirilməsini davam etdirəcəyik”.