Bakı. Trend:
Prezident İlham Əliyev 220 nəfərə ikinci şans verib yüzlərlə ailəyə bu əlamətdar gündə sevinc bəxş etdi. Bu, 71-ci əfv sərəncamıdır və bu aktlardan 32-si Ulu Öndər Heydər Əliyev, 39-u isə Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Bu günədək əfv institutu 10 162 nəfərə şamil edilib və hazırkı aktla 6 597-ci şəxs Prezident İlham Əliyevin humanist yanaşmasından faydalanmış olur.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Millət vəkili bildirib ki, əfvetmə sadə bir mexanizm deyil, bu proses təhlillərə əsaslanır və hər dəfə mümkün qədər daha çox insanın əhatələməsinə çalışılır:
“Eyni zamanda cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilməsi amilini unutmamalıyıq. Məhkəmə qaydasında cəzaya məhkum edilmiş şəxslər bir qayda olaraq o halda əfv edilir ki, onun barəsində təyin edilmiş cəza tədbiri ilə məqsədə nail olunub. Yəni şəxs artıq islah edilib və cəmiyyət üçün daha təhlükəli deyil və onun cəzasının bütövlükdə çəkilməsinə ehtiyac yoxdur. Son əfvetmə aktına qədərki araşdırmaların nəticələri də məhz bu sayda insanın müvafiq kriteriyaya cavab verdiyini ortaya çıxarıb. Azərbaycan dövləti bir nəfər də olsun vətəndaşın cəzaya məruz qalmasını arzu etmir, amma cəmiyyətin təhlükəsizliyi və ictimai qaydanın təmin edilməsi çox vacibdir”.
Deputat bildirib ki, bu böyük humanizm aktı barədə hər hansı neqativ düşüncə formalaşdırmaq cəhdləri azı bu əvfdən yararlanan 220 şəxsin ailələrinə hörmətsizlikdir.
“Eyni zamanda əfvi amnistiya aktı ilə müqayisə edərək niyə amnistiyadan daha az insanı əhatə etməsi barədə iddiaları görməkdəyik ki, bu da sadəcə savadsız populizmdir. Ən azı ona görə ki əfv fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Prezidenti tərəfindən, amnistiya aktı isə fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Milli Məclis tərəfindən qəbul edilir. Yəni əfv zamanı hər bir şəxsə fərdi yanaşılır, amnistiya zamanı isə şəxslər yox, əməllər önə çəkilir. Bir sözlə, Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı böyük humanizm aktıdır və kimlərinsə özfəaliyyət xarakterli yorumları bu hüquqi aktın mahiyyətinə xələl gətirə bilməz”, - deyə B.Məhərrəmov qeyd edib.
Milli Məclisin deputatı Vüqar İskəndərov isə Trend-ə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin növbəti dəfə əfv sərəncamı imzalaması yüzlərlə ailədə sevincə səbəb olub:
“Artıq dövlət başçısının əfvlə bağlı sərəncamları hər il xalqımız tərəfindən gözlənilir, yüksək məmnunluqla qarşılanır. Bu dəfə də Müstəqillik Günü ərəfəsində bu sərəncamın verilməsi, 200-dək məhbusun azadlığa buraxılması və ya cəzasının azaldılması, həbsdə olan şəxslərin öz ailələrinə qovuşmaları Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili siyasətin tərənnümüdür. Zaman-zaman bu sərəncamdan irəli gələn məsələlərin həll edilməsində, insanların ailələrinə qovuşmalarında, cəmiyyətə layiqli şəxs kimi inteqrasiya olunmalarında belə humanist addımlar insanlar tərəfindən məmnunluqla qarşılanır. Bu həm də dövlətin vətəndaş həmrəyliyinə çox böyük önəm verdiyini, xalq və prezident arasındaki yüksək səviyyəli münasibətlərin, ölkə başçısının humanist dəyərlərə verdiyi böyük qiymətin bariz nümunəsidir”.
Millət vəkili vurğulayıb ki, budəfəki əfv sərəncamı digərlərindən həm də insanların say çoxluğu ilə fərqlənib.
“Təbii olaraq bu, Azərbaycan xalqının, cəmiyyətimizin bütövlüyünə bir işarədir, bunun rəmzi mənasını daşıyır, vətəndaş həmrəyliyinə böyük bir töhfədir, insanların cəımiyyətə qovuşması deməkdir, onların ailələrinə qovuşaraq gələcəkdə cəmiyyətə inteqrasiya olunmaqla ixtisaslarına uyğun işlərdə çalışması, cəmiyyətin yenidən onları qazanmasına böyük dəstəyin ifadəsidir. Əfv olunan hər bir insan Prezident İlham Əliyevin bu humanist addımından məmnun olmaqla yanaşı, nəticə çıxaracaq və gələcək həyatında əsl layiqli vətəndaş kimi dövlətimizin hərtərəfli inkişafına öz dəyərli töhfəsini verəcək”, - deyə V.İskəndərov fikrini tamamlayıb.