Bakı. Trend:
İslamofobiya ilə mübarizə üçün təsirli hüquqi mexanizm işə salmaq vacibdir.
Trend xəbər verir ki, bunu Əl-Həkimə Sülh Araşdırmaları Mərkəzinin direktoru, Müsəlman Ağsaqqalları Şurasının İcraiyyə Ofisinin üzvü Samir Boudinar Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransında bildirib.
“İslamofobiyaya qarşı hüquqi mübarizə bu fenomenlə mübarizə strategiyasının əsas elementi olaraq qalır. Bu, həm öz müqəddəratını təyinetmə hüququnu qoruyan qanunvericiliyə, həm də vətəndaşlar üçün mövcud olan hüquqi mexanizmlərin tətbiqinə aiddir. İslamın legitimliyini qorumaq və müsəlmanları müdafiə etmək məqsədilə mövcud qanunların və siyasətlərin yenidən nəzərdən keçirilməsi üçün təsirli hüquqi mexanizm işə salınmalıdır”, – deyə o bildirib.
Boudinarın sözlərinə görə, xüsusilə gənclərin maraqlarını təmsil edən maliyyə və institusional strukturların yaradılması üzərində işləmək olduqca vacibdir.
“Gənclər təkcə yönəldilən bir auditoriya deyil, həm də real hərəkətverici qüvvədir. Onlar dərin bilikləri, geniş dünyagörüşü, yeni tendensiyaları izləmək bacarığı, rəqəmsal platformalardan istifadə imkanları və dünyanın müxtəlif bölgələrindəki iştirakı sayəsində unikal mövqeyə sahibdirlər”, - deyə o vurğulayıb.
Boudinar qeyd edib ki, islamofobiyaya qarşı effektiv reaksiya üçün gənclərin imkanları daha da genişləndirilməlidir.